Emil Baghirov's picture

Sosial şəbəkə nədir

Ən son statistik məlumatlara görə dost sayı 2011-ə çatıb. Solçu, sağçı, millətçi, liberal, kommunist, dindar, ateist, satanist, pessimist, optimist hər cür adam tapa bilərsiz yəni. Bütün “ist”lərdən “çı”lardan nümayəndə var :D İndi biri durub deyəcək ki, bu qədər dostu niyə yığmısan? Bu tipli suallar çox olur çünki..

Sosiallaşmanın faydaları. Birincisi deyim facebook sosial şəbəkədir. Sosial şəbəkələrin də funksiyası insanların sosiallaşmasına yardımçı olmaqdır. İnsan bioloji varlıq olmaqla yanaşı həmdə, sosiloji varlıqdır. Bu amil insanları heyvanlardan fərqləndirən əsas cəhətdir. Mənim facebookda olmağımın əsas məqsədi də məhz budur. Öz fikirlərimi müzakirə və müqayisə etmək. Fərqli fikirləri, fərqli baxışları olan insanlarla ünsiyyətdə olmaq ən azından onları izləmək və onların ideyalarını, fikirlərini, nə istədiklərini bilmək.

Çalışmalıyıq ki, profilimizdən səmərəli istifadə edək. Onu bilgi, informasiya alacağımız bir məkana çevirək. Təşkilatlanmaq, maariflənmək üçün istifadə edək. Virtual şəbəkələrin təşkilatlanmada rolunu Tunis və Misir sübut edib artıq. Heyvani instiktlərimizə xidmət edən bir vasitəyə çevirməyək.

Tanıdımadığın insanlar dostluqda olmalıdırmı? Bəzi insanlar isə çatlarla sosial şəbəkələri qarışıq salır. Onların fikrinə görə dostluğunda ancaq tanıdığın insanlar olmalıdır və s. Mən onsuzda tanıdığım insanları tez-tez görürəm və öz düşüncələrimi onlarla yetərincə müzakirə etmişəm. Belə desək onlarda alacağımı almışam artıq. Gündə gördüyüm bir adamla eyni şeyləri müzakirə etmək girib hamamda mahnı oxumaq kimi bir şeydir. Özün deyib özün eşidirsən. Alternativ münasibətlər olmur. Sənin fikrinə qarşı müxalif fikir olmur. Bunsuz isə təkamül qeyri-mümkündür. 

Feysbuk ziyankarları. Əslində kimin nəyi necə etməsinə qarışmaq fikrim yoxdur. Bu hər kəsin öz şəxsi işidir. Kim necə istəyir elə istifadə edir. Kimi öz şirkətini, təşkilatını reklam edir, kimi öz ideyalarını yayır, kimi öz tanışları ilə əlaqə yaratmaq üçün istifadə edir, kimisi də qız tutmaq üçün. Atalar nahaq deməyib: "Meşə çaqqalsız olmaz". Yəni meşə varsa çaqqalı da olmalıdır. Facebookda da belədir bu. Səviyyəsizlərin, qız tutanların sayı getdikcə artır. Kəmiyyət artıqca keyfiyyət aşağı düşür. Doğrusu əvvəllər kimin nə yazmasına fikir vermirdim, daha doğrusu buna tolerant yanaşırdım. Amma son vaxtlar çox dözümsüz olmuşam. Dünən qabağıma çıxan bir qızın yazdığı status. Olduğu kimi. Şərh etməyi sizə buraxıram: "blin,ujaSSSEEEEEEEEEEEE…1 gun girmirem fbka)))o geder drujba gelir)))ne olubeee size?onsuzda heckime cavab yazan deyilem..ozuvuzu yorub yazmiyin))))"

Bir qrup insanlar da var ki, aforizm filan copy paste etməklə ağıllı görünməyə çalışırlar. Birdə girəndə görürsən əsas səhifən hikmətli sözlər kitabına çevrilib. Başqa bir qrup isə özü yazıb özü like eliyənlərdir. Bir qrupda varki bunlara virtual ölülər deyirlər. Bu qrupa daxil olanlar kiminsə “facebookda varsan?” sualına “hə” demək üçün özlərinə hesab açırlar. Çox vaxt özləri yox dost tanışda başı çıxan kim varsa o açır və parolu təqdim edir sahibinə. Oda parolu alandan sonra birtəhər girir sayta. Biraz ora bura eşələnir, görür yox bu girən kol deyil, çıxır. Elə çıxış o çıxış olur. Sonrada söhbət düşəndə “Ə facebookda nə varee?! mən girdim heçnə yoxdu, mənasız bir şeydi!”  Bax belə!  Facebook içində meyid olmayan qəbirlərlə doludur.

 

sakitoglu.wordpress.com