Mayis Musayev's picture

Futbol oynamaq başqa şeydir, futbolçu olmaq başqa

Azərbaycanda idmana, xüsusilə də futbola göstərilən diqqət, ayrılan pullar dünyanın hansısa başqa bir ölkəsində edilsəydi, o ölkənin komandası əminəm ki, hər il bütün kubok və medalları qazanardı. Bizdə isə… Bizdə isə, sanki hər şey tərsinə dövran edir.

Burda insanı bir neçə sual düşündürür:

Bizim futbol oynamaq istəyənimiz yoxdurmu? – Niyə yoxdur ki, var. Demək olar ki, hər birimizin uşaq vaxtından futbola marağı olub. Məhəllələrarası futbol oynamayanımız demək olar ki, yoxdur. Deməli, istək var.

Futbol oynamaq üçün imkan, şərait yoxdurmu? – Niyə yoxdur ki, var. Demək olar ki, hər rayonda, hər məhəllədə həvəskar oynayanlar üçün süni və ya təbii örtüklü futbol meydançaları var. Professional olaraq futbolla məşğul olmaq istəyənlər üçün isə, güclü və getdikcə daha da güclənən maddi-texniki bazaya malik olan klublar, cəmiyyətlər var. Deməli, şərait var.

Bəs problem nədir onda? Pul? - Pul da problem deyil axı. Bütün klublarda, hətta ehtiyat oyunçular skamyasında əyləşən oynayanların da aldığı məvacib ölkənin gələcəyini yetişdirən müəllimin, ölkənin sağlamlığının keşiyində dayanan həkimin aylıq vəzifə maaşından qat-qat yüksəkdir. Deməli, pul da var.

Bu yerdə məşhur “Bəyin oğurlanması” bədii filmindən bir fraqmenti xatırlamaq yerinə düşür.

Bu futboldur. Burda neynəmək lazımdır? Oynamaq. Qol vurmaq. Qələbə qazanmaq.

Hər bir işdə uğur qazanmaq üçün ilk növbədə İSTƏK lazımdır. Mən düşünmürəm ki, bizim futbol oynayanlarımız da, onların rəhbərliyi də qələbə qazanmaq istəməsinlər. Bunu düşünmək ədalətsizlik, vicdansızlıq olar.

Uğur qazanmanın ikinci şərti çalışmaq, mübarizə aparmaqdır. Burda artıq hər şey oynayanlarımızdan asılıdır. Onların necə çalışdığı, necə mübarizə apardığı barədə fikir bildirmək istəmirəm.

Ötən il Bakıda təşkil olunan futbol çempionatında çox gözəl bir şüar istifadə edilmişdi. “ON BİR ÜRƏK, BİR İSTƏK”. Fikrimcə, bizim futbol oynayanlarımızın da, onların məşqçilərinin də qələbə istəyi var. Bir az ağır olacaq amma, onların bəzilərində bu İSTƏK uğrunda mübarizə aparacaq yetərli ÜRƏK və RUH yoxdur.

Səbəb təkcə AFFA-da, məşqçilərdə deyil. Səbəb həm də bizim futbol oynayanlarımızdadır. Kaş ki,  bəyənmədiyimiz bəzi ölkələrin futbol oynayanlarında olan İSTƏK, ÜRƏK, RUH və ƏZMKARLIĞIN 50 faizi bizimkilərdə olsaydı… Olanlar var, amma təəssüf ki, yetərli deyil…

Yəqin ki, bu yazıya görə məni qınayanlar da olacaq. Ancaq fikrimcə, hər bir idmançının işi təkcə idman meydançasından ibarət deyil. O həm də idmandan kənar həyatında əsl idmançı kimi davranmalı, əsl idmançı kimi yaşamalıdır. Meydançaya çıxanda idmançı olub, meydanı tərk edəndə KİM olduğunu unudan adamlarla bu iş uzağa gedə bilməz.

P.S. Mən yazıda, özəlliklə futbolçu ifadəsini istifadə etmədim. Anatoli Banişevski, İsgəndər Cavadov və adını çəkmədiyim digər veteran futbolçularımıza hörmətsizlik etməmək üçün…

 

mayismusayev.wordpress.com