Bakhtiyar Hajiyev's picture

Yazılan essay-lərdə ən çox buraxılan səhvlər

Hər il minlərlə gəncimiz xaricdə təhsil üçün universitetlərə müraciət edir, onların bir qisminin yazdıqları essayları oxuyuram, məsləhətləşirik. Essaylarda ən çox buraxılan səhvlər barədə təkrar-təkrar yazmamaq üçün onların bəzilərini bura yazıram:

Ümumiləşdirmə. Çox ümumi ifadələrdən istifadə etməyin. "Uşaqlıq xəyallarıma çatmaq istəyirəm, daha yaxşı dünya qurmaq üçün çalışacam, ölkəmin inkişafına töhfə verəcəm" və s. kimi ifadələr yerinə, kiçik də olsa, konkret hədəflərinizi yazın. Məsələn, "əlillərin işlə təmin olunması üçün mərkəz açacam, elektron-ticarət şirkəti quracam" və s. 

Təkrarlanma. Essayda CV-nizi təkrarlamağa ehtiyac yoxdur, söz, səhifə limitinə görə qənaət edin. CV-niz onsuz da qəbul komissiyasında olacaq. "Filan təşkilatda filan işləri gördüm, filan şirkətdə məsuliyyətim bunlar idi, filan işləri görürdük" yazıb, limitin yarısını doldurmayın. Onun əvəzinə, ən böyük məsuliyyətiniz və rolunuz olan işləri sadalayaraq, başqa fikrə keçin. Lazım olsa, o rolda nə işlər gördüyünüzü CV-dən öyrənəcəklər. Məsələn, "Azərbaycanın ən böyük tələbə təşkilatının sədr müavini olaraq anladım ki, ....". 

Universitet və proqram. Essayda konkret universitet və proqramla bağlı suallara cavab olmalıdır. Niyə məhz həmin universitet və məhz həmin proqram? Sizə nə verəcək bu təhsil? Çox gənc bir mətn yazır, sonuncu paraqraf, sonuncu cümlədə universitetin adını bircə dəfə çəkir. Bunu oxuyan şəxsdə dərhal təəssürat yaranır ki, o bir mətn yazıb, universitet adını dəyişərək başqa-başqa yerlərə göndərir. Onun əvəzinə, ən az 1 paraqrafı universitet və proqrama həsr edin. Məsələn, "qarşılaşdığım böhranların idarə edilməsi üzrə problemlərlə bağlı araşdırma etdim və düşünürəm ki, Georgetown Universitetində professor A.Sparrowun dərsi mənim üçün çox faydalı ola bilər". Düşünün ki, kimsə sizə "xanım/bəy, sizinlə tanış olmaq istəyirəm" yazır. Maraqlı gələr? Bir də düşünün ki, kimsə "keçən şənbə sizi Palmada gördüm, qonşunuz haqqınızda çox müsbət şeylər dedi. Məlum oldu ki, sizinlə eyni məktəbi bitirmişik...." yazıb. 

Təvəzökarlıq. Özünüzü təqdim edin, həm də yuxarıdan. Təvazökar olmayın. Siz sadəcə orada təhsil almağa, dərslərdə oturmağa getdiyinizi yazmamalısınız. Həm də universitetin həyatına öz ölkənizin mədəniyyəti ilə bağlı tədbirlərlə, təqdimatlarla rəng qatacağınızı, öz təcrübənizi də digər tələbələrlə paylaşacağınızı yazın. Hətta gələcək uğurlara görə bir gün universitetinizin sizinlə fəxr edəcəyini də yazın.