Gunel Asgerzadeh's picture

Twitterdən necə istifadə etməli?

Obama ilə ən sürətli ünsiyyət forması nədir? Twitter (ingiliscə “twit” sözünün lüğət mənası “civildəmək, cikkildəmək” deməkdir) – qısa (uzunluğu 140 simvol olan) qeydlərin dərc edildiyi mikrobloq və sosial şəbəkə sistemidir. 2006-cı ildə Cek Dorsi tərəfindən yaradılıb. 500 milyondan çox istifadəçisi var. Twitterdə qısa, yığcam fikirlər paylaşıldığı üçün ona “İnternet dünyasının SMS”i də deyirlər. Burda qeydiyyatdan keçmək cəmi bir dəqiqə vaxt alır. Twitter yeni media da sayıla bilər. Siz ən son xəbərləri siz agentliklərdən, qəzetlərdən deyil, birbaşa hadisənin şahidləri, iştirakçılarından eşidə bilərsiniz.

Dünyanın bir çox məşhur insanlarını burda izləmək mümkündür. Prezidentlər, yazıçılar, alimlər, aktyorlar, jurnalistlər, aktivistlər, bloggerlər bu şəbəkənin fəallarındandır. Məsələn, Barak Obama prezident seçkiləri dövründə Twitter sosial şəbəkəsində güclü təbliğat aparıb. Azərbaycanda bu şəbəkənin istifadəçilərinin sayı 50 minə yaxındır.

Bəs Twitterdən necə istifadə etməli?

Axtarış. SEARCH yerinə sizə maraqlı olan hadisəni, xəbəri qısa şəkildə yazın. Məsələn, #Bakı yazsanız, Bakı haqqında yazılan bütün informasiyalar xəbər lentində görünəcək. Çalışın axtardığınız AÇAR sözləri ingiliscə yazasınız. Dili necə bilməyinizdən asılı olmayaraq, yazın. Əsas xəbər ötürməkdir.

Hashtag. Yuxarıda yazılan “#” işarəsinin adı Hashtag-dır. Hashtag informasiya axınını tənzimləyir. İstənilən sözün qarşısında hashtag qoyub rahatlıqla tapa bilərsiniz.

Reply. Twitterdə şərh yazmaq yoxdur. Əgər kiminsə yazdığı qeydə cavab vermək və ya kiməsə yazmaq istəyirsinizsə, bunu MENTİONS vasitəsilə edirsiniz. İstifadəçinin adının qarşında @ işarəsini qoymaqla twitinizi onunla bölüşürsünüz. Məsələn, @barackobama yazıb onu qeydinizdən xəbərdar edə bilərsiniz.

Retweet. Twitterdə RETWEET var. Retweet hər hansı bir twiti öz hesabınla təkrar paylaşmaq deməkdir.

Dostluq. Burda “dost olmaq”, “dostluq təklifi göndərmək” kimi problemlər də yoxdur. İstənilən istifadəçinin səhifəsinə girib onu “FOLLOW” (izləmək) etmək kifayətdir (Hesabınızın izlənilməsini məhdudlaşdırmaq da mümkündür).

Işarə məhdudiyyəti. Yuxarıda da qeyd etdiyimiz kimi, burda qeydlər maksimum 140 işarədir. Ona görə də əgər LİNK paylaşmaq istəyirsinizsə, yerə qənaət etmək üçün bitly.com, goo.gl və ya tr.im saytlarından istifadə edərək onu kiçildin. Cəmi 10-15 işarəlik qısa link olur.

Şəkil paylaşmaq. Əgər şəkil paylaşmaq istəyirsinizsə, twitpic.com saytına girin və rahatlıqla yükləyin.

Gördüyünüz kimi, bu çox sadə bir mikrobloqdur. Yazın, twitləyin... Twitterin ofisində yazılmış divar yazısında deyildiyi kimi:

- Napoleon döyüşü uduzduğunu anlasaydı, sizcə nə edərdi?

- Yenidən twitləyərdi.