Vugar Hagverdiyev's picture

Saxta mobil telefonları necə müəyyənləşdirək

Azərbaycanda mobil telefon bazarı sürətlə inkişaf edir. Ən yeni çıxan orijinal telefonların qutusunun yapışqanı qurumamış artıq ölkəmizdə satışda olur. Bu, əlbəttə bizim sahibkarların çevikliyini, zirəkliyini, iş bacarığını göstərir. Lakin bununla belə, bazarda mənşəyi bilinməyən, “poddelka Kitayski” adlanan  kulon telefonların da çox olması heç kimə sirr deyil. Mobil telefon almaq istəyənlər bir sıra məsləhətlərə əməl etsələr, saxta cihazlardan uzaq ola bilərlər:

İMEİ. İMEİ nömrələr mobil cihazın daimi yaddaşına istehsalçı zavod tərəfindən həkk edilmiş 15 rəqəmdən ibarət unikal identifikasiya kodudur. Mobil telefonda *#06# kombinasiyasını yığmaqla İMEİ kodunu ekranda görmək olar. Telefonun batareyasının altında korpusa yapışdırılmış etiketdə, habelə telefonun qablaşdırıldığı qutunun üstündəki ştrix-kodun aşağısında da İMEİ nömrə qeyd olunur. Telefon alarkən yaddaşında, korpusunda, qutusunda, eləcə də zəmanət kağızında qeyd edilmiş İMEİ nömrələri tutuşdurmaq gərəkdir. Nömrələr eyni olmalıdır. Əks halda belə telefonu almaq məsləhət deyil. Ola bilər ki, telefonun korpusu  və ya proqram təminatı dəyişdirilib. Beynəlxalq razılaşmaya görə eyni İMEİ nömrəli cihazlar istehsal olunmamalıdır. Haradasa rast gəlinirsə, demək burada saxtakarlıq var. Hazırda İnternet şəbəkəsində İMEİ nömrələrinin düzgünlüyü yoxlamaq üçün bir sıra xidmətlər vardır. Məsələn, SNDeep.info və saytında telefonunuzun İMEİ kodunu xüsusi qrafaya daxil etməklə onun həqiqiliyini, telefon modelinin növünü, neçənci ildə istehsal olunduğunu, hansı bazar üçün nəzərdə tutulduğunu müəyyənləşdirmək olar. SNDeep.info saytında bir maraqlı düyməcik də var ki, əgər telefonunuz oğurlanıbsa və ya itirilibsə, onun İMEİ nömrəsini yığdıqdan sonra, həmin düyməni tıkladıqda  telefon itirilmiş və oğurlanmışlar siyahısına düşür ki, əgər telefonunuzun gələcək sahibi bu sayta girib onun İMEİ kodunun düzgünlüyünü yoxlayarsa, cihazın oğurluq və ya itirilmiş olduğunu görəcəkdir.

Məlumatlı olmaq. Alışdan qabaq internetdə yeni çıxan və ya xoşladığın modellərlə maraqlanmaq, onların xarakteristikasını oxumaq və yaxud funksiyalarını göstərən video roliklərə baxmaq, qiymətləri ilə maraqlanmaq yaxşı olar. Konkret alacağın cihaz haqqında dolğun məlumatın olduqda, alış zamanı həm qiymətdə, həm də orijinallıq məsələsində aldanmaq şansı azalır.

Texniki göstəricilər. Bundan əlavə, orijinal telefonu ələ götürdükdə, o, ələ yatımlı olmalıdır. Ölçüsü ilə çəkisi harmoniya təşkil etməlidir. Normadan artıq yüngüllük və ya ağırlıq hiss etdikdə onu almamaq məsləhətdir. Əllə bərk sıxdıqda cihazın korpusu fiziki təzyiqə normal müqavimət göstərməlidir. Klaviaturasının klavişləri rahat və yumşaq işləməlidir. Telefonun proqram təminatının, menyusunun yazıları qrammatik cəhətdən düzgün yazılmalıdır. Adətən saxtalarda hərf səhvlərinə rast gəlinir. Orijinal telefonların ekranı sönülü halda saxtalardan fərqli olaraq tünd qara rəngə çalır. Saxtalarda bozumtul olur.

Satış paketi. Orijinal telefonlar bütün ləvazimatı ilə birlikdə satılır. Qulaqcıqları, qoruyucu plyonkaları, USB-kabeli və digər aksessuarları üstündə verilir. Qablaşdırıldığı qutu yaraşıqlı, səliqəli və cəlbedici olur. Telefona satılarkən ən aşağısı bir illik zəmanət verilir.

Çin istehsalı. Sonda, bir məsələni də qeyd etmək lazımdır ki, cihazın üstündə "Made in China" yazılması hələ onun saxta olmasından xəbər vermir. Bəzi istifadəçilərə elə gəlir ki, aparat Çin istehsalıdırsa, ümumiyyətlə ona yaxın durmaq lazım deyil. Əslində, Çində əmək qüvvəsi və məhsulun maya dəyəri çox ucuz başa gəldiyi üçün məşhur şirkətlərin, o cümlədən mobil cihaz istehsalçılarının bu ölkədə iri zavodları fəaliyyət göstərir və buraxdıqları məhsulların keyfiyyəti heç də geri qalmır. Ona görə də, Çin istehsalı olan orijinal telefonları da ehtiyat etmədən almaq və rahatlıqla işlətmək olar.