Farhan Huseynli's picture

İş müsahibəsinə necə hazırlaşmalı

İş və ya praktika tapmaq gəncliyin ən çətin hissələrindən biridir. Gənclər arasında rəqabət getdikcə artır. Hər hansı bir seminarlarda və ya görüşlərdə olduqda hər gün neçə savadlı gənc dostlarla görüşürsən. Savadlı gənclərin artması isə müvafiq olaraq hər hansı bir işə sənədlərini göndərərkən sizin potensial rəqiblərinizin artması deməkdir. Ancaq bəzən savad uğurun ən önəmli olan faktoru deyil və hər şey özünüzü necə təqdim edəcəyinizdən çox asılı olur. Bu yazıda mən müsahibəyə sənədlərin necə hazırlanmasını, müsahibə zamanı hansı səhvlərin buraxılmasını və bununla bağlı olan bazis elementlərə toxunmağa çalışacam.

Başlayaq iş axtarışından. İxtisasınıza uyğun olan iş elanlarına sənədlərin göndərilməsi sizin rəqabətinizi artırır. Adətən göndərəcəyiniz sənədlərin siyahısı belə olur: 

  • CV
  • Səbəb məktubu (ingilis dilində bu Motivation Letter adlanır, hərfi tərcümə edirəm)
  • Təhsiliniz haqda bütün sənədlər
  • Rəy məktubu (öncəki iş yerlərinizdən əgər varsa, yoxdursa hər hansı bir professordan da almaq olar)

Sənədlərin hazırlanması və göndərilməsi çox önəmli prosesdir. Hər şey olduqca peşəkar olmalıdır. Burada mən sizə çox kömək edə bilməyəcəm. Daha çox yardımçı sizə word və pdf fayllarla işləmək bacarıqlarınız olar. Bir neçə maraqlı nüansı qeyd edə bilərəm. Adətən sənədlərin 2 faylda göndərilməsi daha yaxşıdır. 1-ci pdf faylda sizin bütün təhsil və rəy məktublarınızın, sənədlərinizin skan olunmuş nüsxələrinin toplusunu bir yerə yığıb 1 faylda birləşdirirsiz, ikinci pdfdə isə səbəb (motivation) və CV-nizi birlikdə hazırlayıb göndərirsiz. Faylları pdf formatında göndərsəz bu daha peşəkar görsənər. 

Motivation letter necə olmalıdır? Bu haqda çox yazmaq olar. Bu ən əsas sənədlərdən biridir. Həmin sənəddə siz “niyə məhz siz” “niyə x adlı şirkətə” “niyə bu sahəyə” suallarına qısa cavab verməli olacaqsız. Çox vacibdir ki internetdən banal nüsxələri götürüb sürətini çıxarmayasız. Təsəvvür edin bütün sənəd göndərənlər təmbəllik edir və eyni tipdə məktub göndərir. Eyni tip məktubları gün ərzində 100 dənə qəbul etsəz nə edərsiz? Zibilə atarsız. 

CV. Tələbələrçün 2 səhifədən artıq olmasa daha yaxşı olar. Bir tələbənin 5-6 səhifəlik CV-si qeyri peşəkar təsəvvür yaradır. Orada sizin sosial həyatınızda tutmuş akademik karyeranıza qədər qısa təsvir olunmalıdır.

Düzgün adamı seçməli. Bəzən elanlarda sadəcə “bu ünvana göndərin” yazılır. Ünvanlar adətən info@xxx.com və ya hr@xxx.com  bu kimi qeyd olunurlar. Çox vacibdir ki siz şirkətin veb portalına daxil olub müvafiq sahənin məsul şəxsinin adını tapasız. Bu insan resursları üzrə departamentin sədri də ola bilər və ya sənədlərinizi göndərdiyiniz sahənin hər hansı bir məsul şəxsi.

E-Mail göndərərkən. Artıq müvafiq adamı tapdıqdan sonra email yerində mövzu və yazı hissələrini qısa doldurub sənədlərinizi göndərirsiz. Çox vacibdir ki emaili boş göndərməyəsiz. Məsələn Hörmətli Filankəs, sizin filan saytda elanınızı böyük maraqla oxudum və bu səbəbdən öz namizədliyimi bu vəzifəyə göndərirəm və ya göndərməkdə maraqlıyam və ya özünüz qısa improvizasiya edin. Əgər konkret ad yoxdursa, “Hörmətli xanımlar və cənablar,” ifadəsi ilə də fikrinizə başlaya bilərsiz.

Müsahibə. Gəlin təsəvvür edək ki, sizin sənədləriniz müvafiq şəxsləri maraqlandırıb və sizi müsahibəyə dəvət ediblər. Mütləq özünüzlə qeyd dəftəri və qələm götürün. Bu sizə lazım olacaq. Dəvət olunduğunuz şirkət haqda bacardığınız qədər məlumat toplamağa çalışın. Sizdən müsahibə alan şəxs, şirkətin fəaliyyəti, məhsulları, sizin ixtisasınız və s. Adətən hər bir ixtisasın özünə məxsus iki sualları olur.

  • Texniki
  • Davranış

Texniki suallar ixtisasla bağlı olan suallar olur. Davranış sualları isə daha çox sizinlə bir başa bağlı olan suallar olur. “Niyə siz” “niyə bu sahəyə maraq” “gələcəyinizi harada görürsüz” “niyə məhz biz” “həyatda ən böyük uğurunuz” “mənfi cəhətləriniz” “çətin anlarda necə qərar qəbul edirsiz” “öncə baş vermiş konfliktləriniz” “hansı tip adamlar sizi daha çox narahat edir” və s. Bütün bu suallara cavabları mən bir yazıda yerləşdirə bilməyəcəm və ona görə onlara ən optimal cavabların araşdırılmasını sizin öz ixtiyarınıza buraxıram. 

Özünüz haqda öncədən nitq hazırlayın. Mütləq sizin haqqınızda soruşacaqlar. Nitq sizin CV-nizin əzbəri olmalı deyil.

Müsahibəyə yarım saat və ya 20 dəqiqə əvvəl getməyin. Əgər getmisizsə də şirkətin binasına daxil olmayın. Gözləyin, təyin olunmuş vaxta 5 dəqiqə qalmış girərsiz. Ardı artıq sizin nə qədər sosial olmasından asılıdır.

Sizi dəvət etdilər otağa və orada sizi X adam salamlayır. Bu zaman əsas olanlar:

Pozitiv olun. Təbəssümünüzü gizlətməyin. Özünüzü sərbəst hiss edin. Göz kontaktını çalışın heç vaxt itirməyəsiz. Danışarkən yerə baxmayın. Cavablarınıza özünüz də inanın hətta yalan olsa belə. İnamsız görsənməyiniz sizə mənfi təsir göstərəcək. Sizin müsahibiniz əgər peşəkardırsa o zaman sizə ilkin olaraq şirkət və vəzifə haqda qısa məlumat verəcək. Bu zaman qeyd dəftərinizi unutmayın. Qeydlər götürün. Bu çox vacibdir. Bu sizin peşəkar eləcə də bu işdə son dərəcə maraqlı olduğunuzu göstərəcək. Açıq olun, qollarınızı bağlamayın, ayaqlarınızı çox tərpətməyin, dırnaqlarınızı qurtdalamayın, bütün bunlar sizin narahat olduğunuzu göstərəcək. Qollarınızı sinənizə bağlamağınız sizin suallardan narahat olduğunuzu və psixoloji olaraq müdafiə olunduğunuzun nümunəsidir. Unutmayın! İlkin təəssüratınız pis olarsa siz olduqca, olduqca çox çalışmalı olacaqsız ki bu neqativi aradan qaldırasız. Pozitiv və ya neqativ təəssürat çox guman ki, sizinlə sona qədər olacaq.

Hər şey bitdikdən sonra peşəkar müsahibə alan sizdən “suallarınız varmı” deyə soruşacaq. O zaman şirkət haqda öncədən hazırladığınız sualları verin. Soruşmasa da bu sualları verməkdə israr edin ki “suallarım var ki sizə ünvanlamaq istərdim” və ya “məni maraqlandıran bir neçə sual var və əgər vaxtımız varsa onların bəzilərini soruşmaq istərdim”. Bu sizə böyük bir + verəcək.

Bütün bu proses bitdikdən sonra sizi dəvət edən adama təşəkkür emaili göndərib bir daha bu işdə çox maraqlı olduğunuzu qeyd edin.

Bütün bu yazdıqlarım prosesin 50% hissəsidir. Hər şey sizin öz axtarış imkanlarınızdan çox asılıdır. Mən sadəcə bazis elementlərin üzərindən keçmək istədim. Ümid edirəm ki yardımçı oldu. Uğurlar hər birinizə.