Ramil Suleymanov's picture

CV necə yazılmalı

Rezüme(xülasə)- iş axtarmaq üçün ən səmərəli vasitələrdən biridir. Əslində o, potensial işəgötürən üçün sizin tərcümeyi-halınız və peşəkar təcrübəniz barədə ən əhəmiyyətli faktların qısa şərhidir. Rezüme yazarkən yadda saxlamaq lazımdır ki, o, sizdən ötrü bir növ vizit vərəqinə çevriləcək, buna görə də xülasə sizi iş axtaran insanların böyük axını arasında fərqləndirməlidir. Rezüme 1-2 səhifədən ibarət olmalı və orada aşağıdakı məsələlər işıqlandırılmalıdır:

Soyadınız, adınız, atanızın adı

Bu məlumatları vərəqin yuxarı hissəsində mərkəzdə iri hərflərlə (18-20 ölçülü şriftlə) yazmaq məsləhətdir. 

Əlaqə məlumatları

Bu bənddə öz telefonunuzun nömrəsini, elektron poçtunuzun və İnternetdə səhifənizin (əgər varsa) ünvanını göstərin. Ev ünvanınızı göstərmək məsləhətdir, lakin bu zəruri deyil. Yaşadığınız rayonu (yaxınlıqdakı metro stansiyasını) göstərməklə kifayətlənmək olar. Bir sözlə, sizinlə tez və operativ əlaqə yaratmaq üçün mümkün əlaqə vasitələrini göstərin.

Məqsəd

Hansı vakansiyaya, işə və ya fəaliyyət sahəsinə iddia etdiyinizi göstərin, özünüzün peşəkar maraqlarınızın əhatə dairəsini qeyd edin. Burada həmçinin sizin gələcək iş yeriniz barədə arzu və tələblərinizi də göstərə bilərsiniz.

Təhsiliniz (əsas və əlavə)

Həm əsas, həm də əlavə təhsiliniz: oxuduğunuz kurslar, məşğul olduğunuz seminarlar, iştirak etdiyiniz treninqlər, stajkeçmə və s. barədə informasiyanı göstərin. Hər bir təhsil yeri barədə aşağıdakı zəruri məlumatlar göstərilməlidir:

  • daxilolma tarixi (ay, il);
  • bitirmə tarixi (ay, il);
  • təhsil müəssisəsinin adı, fakültənin adı;
  • təhsil səviyyəsi (orta, orta texniki, natamam ali, ali və s.);
  • ixtisasın adı.

İş təcrübəniz

Sonuncu (cari) iş yerinizdən başlayaraq hər bir iş yeriniz barədə aşağıdakı məlumatları göstərin:

  • daxilolma tarixi;
  • ayrılma tarixi (ay, il);
  • şirkətin adı;
  • şirkətin fəaliyyət növü;
  • sizin tutduğunuz vəzifənin adı;
  • funksional vəzifələriniz, mümkün qədər ətraflı;
  • qazandığınız biliklər, bacarıqlar, nailiyyətlər (peşəkar fəaliyyətinizlə bağlı konkret faktlar).

Bir qayda olaraq, son on ilə aid iş təcrübəniz barədə məlumatlar göstərilir. Tələbələr və məzunlar bu bölmədə həm ödənişli, həm də ödənişsiz iş (kurs işinin, diplom işinin yazılması, ictimai fəaliyyət) barədə məlumatlar göstərə bilərlər.

Peşəkar vərdişlər və biliklər

Sizin xülasənin məqsədi olan ixtisas üçün münasib vərdişlərinizi və biliklərinizi sadalayın, həmçinin aşağıdakı məlumatları göstərin:

  • kompüterlə, xüsusi proqramlarla bağlı bilik səviyyəniz;
  • orqtexnika (faks, modem, skaner, surətçıxarma avadanlığı, ofis ATS-i və s.) ilə davranmaq bacarığınız.

Peşə sertifikatları

Əgər varsa, onları göstərin

Dil bilikləriniz

Hansı dilləri və hansı səviyyədə (ibtidai, orta, sərbəst) bildiyinizi göstərin.

Şəxsi məlumatlar (göstərmək zəruri deyil)

Bu bölmədə aşağıdakı məlumatları göstərə bilərsiniz:

  • doğulduğunuz tarix;
  • ezamiyyətə getmək imkanınız;
  • ailə vəziyyətiniz, uşaqlarınızın olub-olmaması;
  • sürücü vəsiqənizin olub-olmaması;
  • hərbi xidmətin statusu.

Xronoloji yanaşma. Sizin peşə statusunuz və işlədiyiniz təşkilatlar xüsusi qeyd edilir. Bu siyahı axırdan, yəni zaman etibarilə ən sonuncu iş və ya təhsil yerindən başlanır. Bundan əlavə, sizin işiniz, bilavasitə vəzifələriniz və qazandığınız uğurlar barədə məlumat göstərilməlidir. Bu yanaşma aşağıdakı hallarda tətbiq edilir:

  • əgər sizin fəaliyyətiniz əvvəlki sahə ilə əlaqədar olacaqsa;
  • əgər bu siyahı sizin karyera üzrə irəliləyişinizi və inkişafınızı əks etdirirsə;
  • əgər sizin əvvəllər işlədiyiniz təşkilatların adları sanballıdırsa;
  • əgər sizin əvvəlki işiniz ənənəvi sahələrlə, məsələn, dövlət strukturları və ya təhsil sahəsi ilə əlaqədar olmuşdursa.

Aşağıdakı hallarda bu yanaşmadan istifadə etməyə dəyməz:

  • əgər sizin əvvəlki iş yerinizdə hər hansı problemləriniz olmuşdursa;
  • əgər siz karyera üzrə inkişafınızın istiqamətini dəyişmək istəyirsinizsə;
  • əgər siz iş yerlərini çox tez-tez dəyişmisinizsə;
  • əgər siz öz yaşınızı məxsusi göstərmək istəmirsinizsə;
  • əgər siz ilk dəfə iş axtarırsınızsa.

Fəaliyyət baxımından yanaşma. Əgər siz konkret iş tapmağa çalışırsınızsa, bu halda yaxşı olar ki, xülasəni əsas ixtisas dərəcələrinin rubrikaları üzrə təşkil edəsiniz, həmin fəaliyyət növünə birbaşa aidiyyəti olan qabiliyyətlərinizi sadalayasınız və bu fəaliyyətin yerinə yetirilməsi üçün malik olduğunuz xüsusi keyfiyyətləri vurğulayasınız. Bir neçə nümunə: liderliyə meyl, şəxsiyyətlərarası ünsiyyət vərdişləri, işin təşkil olunmasına və idarə edilməsinə görə məsuliyyəti öz üzərinizə götürmək bacarığınız. Sizin xüsusi bacarıq və keyfiyyətlərinizin tətbiq sahəsi televiziya, proqramlaşdırma və menecment kimi fəaliyyət sahələri ola bilər. Bu halda xülasədə sizin əvvəlki iş yerində tutduğunuz vəzifələr və oradan təqdim edilən xasiyyətnamələr ikinci dərəcəli rol oynayır. 

Bu yanaşma aşağıdakı hallarda tətbiq edilir:

  • əgər əvvəlki iş yerində istifadə etmədiyiniz potensial qabiliyyətlərinizi xüsusi vurğulamaq istəyirsinizsə;
  • əgər karyera üzrə inkişaf sahənizi dəyişirsinizsə;
  • əgər siz əmək bazarında öz xidmətlərinizi ilk dəfə təklif edirsinizsə;
  • əgər sizin karyera üzrə inkişafınız uğurlu olmamışdırsa;
  • əgər əvvəlki məşğulluq sahələriniz arasında qarşılıqlı əlaqə olmamışdırsa;
  • əgər əvvəlki əmək fəaliyyətiniz ştatdankənar və ya müvəqqəti xarakter daşımışdırsa.

Aşağıdakı hallarda bu yanaşmadan istifadə etməyə dəyməz:

  • əgər siz karyera üzrə inkişafınızı xüsusi vurğulamaq istəyirsinizsə;
  • əgər sizin potensial işəgötürənləriniz sizin xidmətlərə hədsiz yüksək maraq göstərirsə;
  • əgər sizin vəzifə borclarınız çox olmamışdırsa;
  • əgər sizin axırıncı iş yeriniz çox presticli olmuşdursa.