Ilkin Manafov's picture

Bloq necə yazılır

Bu məqaləni yazmaqda əsas məqsədim, Sizin fəaliyyətinizə verdiyim yüksək qiyməti yazılı şəkildə ifadə etməkdir. Bügün Azərbaycan biznes icması inkişaf edir və bu inkişafda Sizin yazdığınız hər bir bloq postu öz dəyəri, öz əhəmiyyəti var. Çox sağ olun!

Bir vaxtlar hamı deyirdi ki, bizdə gənclərin oxumaqla arası yoxdur. Sizin yazdığınız bloqlar sübüt edir ki, bizim gənclərin oxuması üçün sadəcə ana dilimizdə keyfiyyətli kontentin (məlumatların) olması vacibdir. Biz məlumatlı nəsə tapanda oxuyuruq… dərd budur ki, maraqlı “nesə” azdır. Bu baxımdan keyfiyyətli yazılan hər bir bloq postu, Sizin çəkdiyiniz əməyin faydalılıq dərəcəsini qat-qat artıra bilər. Siz nə qədər maraqlı (oxunaqlı) yazsanız, oxucunuz bir o qədər çox olacaq. Oxucu çox olanda, bilikli adamlar çoxalacaq. Biliklər adamlar çoxalanda ölkədə biznes mühiti inkişaf edəcək. Bu isə bizim əsas hədəfimizə uyğundur. Hər bir işin öz uğur qaydası olduğu kimi, bloq yazmanında özünə xas olan qaydaları var. Mən bu məqalədə bu qaydalar barədə Sizinlə səmimi söhbət edəcəm. Əgər uyğun görsəniz tətbiq edərsiniz.

Qayda № 1. Bloqun ana mövzusundan kənarlaşmayın. Bilirsiniz, biznes çox geniş məvhumdur. Sizin yazdığınız bloqun güclü və sistemli olması üçün Siz əvvəlcədən özünüz üçün ana hesab etdiyiniz mövzu seçməlisiniz. Yazılarınızı bu prinsipin üzərində aparmağınız Sizin bloqun oxucu kütləsini daha ciddi edəcək. Vacib deyil, Sizin bloqu neçə nəfər oxuyur, vacib odur ki, bu oxucular arasında konkret aidiyyatı olan neçə nəfər var. Buna görədə bloqun seçildiyi dəsti-xətt aydın şəkildə seçilməlidir. Əgər Siz reklamdan yazırsınızsa, deməli Novruz Bayramında oxucularınızı təbrik edərək, reklam barəsində nesə deməlisiniz və s. Eyni zamanda Sizin bloqun ana ideyası olmalıdır. Bu ideya bütün yazılarda özünü göstərməlidir.

Qayda № 2. Tez-tez yazın. Bloqun ciddi bir informasiya vasitəsi olması üçün mütləq Siz tez-tez yazmalısınız. Bu çox vacibdir. Ayda-ildə bir dəfə yazmaqla bloq oxucularınızın sayını artırmaq olmaz. Mənim tövsiyyəm həftədə 3 yazıdır. Bundan az yazdıqda google Sizin bloqu tez-tez dəyişən bloq hesab etməyəcək və Siz axtarış sistemində geridə qalacaqsınız.

Qayda № 3. Bloq kimi yazın. Yazmaq bir istedaddır. Lakin bloq yazmaq tamamiylə fərqli dünyadır. Burada öz qaydaları, öz prinsipləri var. Bloq yazınız minimum 500 maksimum 700 sözdən ibarət olsun. Bundan az və ya bundan çox olanda yazının oxunmasında problem yaşanır. Cümlələri az sözlü edin. Bu oxucunu yormur və oxunmanı daha “dadlı” edir. Yeni fikirləri yeni abzasdan yazın. Bir abzasda maksimum 7-8 cümlə saxlayın.

Qayda № 4. Bloqda digər yazılarınıza aktiv “ssilka” qoyun. Bloqa girən oxucunu (müştərini) bloqdan çıxarmaq olmaz. Sizin bloq – mağaza, oxucularınız – müştəri, yazılarınız isə – məhsuldur. Çalışın “mağaza” girən “müştəriyə” daha çox məhsul satsın. Bunun üçün nə lazımdır?! Təbii merçandayzinq. Çalışın yazılarınızı yaxşı sərgiləyin. Bunun dünyada onlayn səviyyədə ən yaxşı edən amazon.com saytıdır. Sizdə çalışın bundan istifadə edin. Oxucunu bir yazıdan başqa yazıya aparın. Məsələn mən bir istinad qoyum – oxuyun!

Qayda № 5. Oxucularınızı aktiv olmağa sövq edin. Qoy Sizin yazılarınızı paylaşsınlar, komment yazsınlar. Bu Sizin bloqun ən gözəl reklamıdır. Həmçinin axtarış sistemləri komment çox olan bloqları daha üst səviyyədə görür. Sosial şəbəkələrdə paylaşmaq üçün bloqunuzda rahat imkanlar yaradın. Özünüz mütləq yeni yazılarınızı paylaşın (amma bunun ağını çıxarmayın).

Qayda № 6. Bloq Sizin simanızdır. Mütləq videolarınızı, şəkillərinizi qoyun. Oxucu başa düşməlidir ki, burada canlılıq var. Siz daim öz bloqunuzun üstündəsiniz. Kommentlərə aktiv cavab verin. Hamı bu bloqun Sizə məxsus olduğunu görsün. Özünüzü qətiyyən arxa plana atmayın. Bloqda özünüzün olduğunuzu hər zaman göstərin. Özünüz haqqında dəqiq və düzgün məlumatlar qoyun. Ən əsası isə Sizi tapmaq asand olsun.

Qayda № 7. Bloqunuzun qaydalarını təyin edin. Bu çox vacibdir. Sizin bloqa girən oxucu başa düşməlidir ki, burada öz prinsipləri var. Bu prinsip əsasında Siz bloq yazırsınız və bu bloqun ana oxucu kütləsi kimdir. Hər şey şəffaf olmalıdır, düzdür?!

Unutmayın bloq personal brend qurmağın ən sadə yoludur. Lakin bu sadəlik bəzən əlçatmaz olur. Bloq yazmaq asan olsada, yaxşı bloq yazmaq çox çətindir. Mən inanıram ki, Sizin bloqunuz varsa artıq bu tövsiyyələrə riayyət edəcəksiniz. Yoxdursa… yoxdursa bəlkə Siz bloq açasınız?!